Yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb olunması onun yaşından asılıdırmı?

Qısa adı

 

Yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb olunması onun yaşından asılıdırmı?

 

Qısa təsvir

 

Cinayət Məcəlləsinin ("CM") 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. CM-in 170.1-ci maddəsi ilə on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsilə cinayətkar fəaliyyətə cəlb etməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 20-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan şəxsin cinayət məsuliyyətinə üzrə 16 və ya 14 yaş həddi müəyyən edilmişdir. CM-in 170.1-ci maddəsinin tətbiqi çərçivəsində iki müxtəlif yanaşma mövcuddur:

1. CM-in 170.1-ci maddəsinin dispozisiyasında "yetkinlik yaşına çatmayan” anlayışından istifadə olunur. Cinayət-Prosessual Məcəllənin 7.0.33-1-ci və “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun 1.0.1-ci maddələrinə əsasən isə "yetkinlik yaşına çatmayan" dedikdə, on səkkiz yaşınadək olan şəxs başa düşülür. Bununla da, yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq hər bir halda CM-in 170.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. (və ya)

2. CM-in 170-ci maddəsinin dispozisiyasında əks olunan “yetkinlik yaşına çatmayan” özü cinayət törətmiş şəxsdir. Buna görə də, cinayət törətmiş “yetkinlik yaşına çatmayan” şəxsin müəyyən edilməsi üçün CM-in 84.1-ci maddəsinə istinad etmək lazımdır ki, həmin maddəyə əsasən də cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin mövqeyə görə, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə CM-in 170-ci maddəsi ilə cinayət məsuliyyəti yarada bilməz. Bu halda şəxs CM-in 32.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdiyinə görə cinayətin icraçısıdır və yalnız törədilmiş cinayətin icraçısı olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, cinayətin subyekti olmayan şəxsin cinayətkar fəaliyyətə cəlb edilməsi halında cinayət məsuliyyəti ona görə istisna olunur ki, cinayətkar fəaliyyətə cəlb olunan şəxs belə bir fəaliyyətə cəlb olunduğunu özü dərk etmir.

 

İrəli sürülən məsələ(lər)

 

Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranıb-yaranmaması

 

Məhkəmənin müəyyən etdiyi məsələlər

 

1. Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdən zərərçəkmiş şəxs kimi yetkinlik yaşına çatmayan şəxslər çıxış edir.

2. “Zərər çəkmiş şəxs” anlayışının cinayət-hüquqi və cinayət-prosessual mənaları fərqləndirilməlidir. Cinayət hüququnda zərərçəkmiş şəxs dedikdə, cinayət qanunu ilə qorunan ictimai münasibətlərin subyekti qismində çıxış edən və fiziki, əmlak, mənəvi və digər ziyan vurulmuş şəxs başa düşülür. Cinayət-prosessual hüququnda isə zərərçəkmiş şəxs dedikdə, cinayət əməli nəticəsində ziyan vurulduğu ehtimal olunan proses iştirakçısı nəzərdə tutulur. Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən,  cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Göründüyü kimi, cinayət-hüquqi mənada cinayətdən zərər çəkmiş şəxs anlayışı cinayət-prosessual hüquqi mənada zərər çəkmiş şəxs anlayışından geniş olmaqla, həm cinayət-prosessual mənada zərər çəkmiş qismində tanınmış şəxsi, həm də zərər çəkmiş şəxs qismində tanınana qədər bu və ya digər səbəbdən ölmüş şəxsi özündə ehtiva edir.

3. Cinayət qanunvericiliyində "yetkinlik yaşına çatmayan" ifadəsi üç fərqli anlamda işlənilmişdir: cinayətin subyekti qismində, cinayətdən zərər çəkmiş şəxs mənasında və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs kimi.

4. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinin adından görünür ki, bu maddə məhz cinayət əməlinin subyekti qismində çıxış edə bilən yetkinlik yaşına çatmayanları, yəni on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxsləri nəzərdə tutur. Belə ki, on dörd yaşı tamam olmamış şəxs, ümumiyyətlə cinayətin subyekti ola bilmədiyindən və müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilə bilmədiyindən (Cinayət Məcəlləsinin 20-ci maddəsi), qanunverici 84.1-ci maddənin kontekstində (cinayətin subyekti) “yetkinlik yaşına çatmayanlar” ifadəsindən istifadə edərkən on dörd yaşına çatmış, lakin on səkkiz yaşı tamam olmamış şəxsləri nəzərdə tutmuşdur.

5. Lakin Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin obyekti, ictimai təhlükəliliyi və törədilmə üsulları, bu əməl nəticəsində nəinki cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatan şəxslərə, həmçinin 14 yaşına çatmayan şəxslərə də birbaşa mənəvi, fiziki və ya maddi ziyanın vurulmasını mümkün edir. Hətta, 14 yaşına çatmayan uşaqların psixi, emosional və intellektual inkişaf baxımından 14 yaşına çatmış uşaqlar ilə müqayisədə daha həssas olması və daha zəif iradəyə malik olması həmin əməlin onlara qarşı törədilməsini daha yüksək ictimai təhlükəli edir.

6. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayanın cinayət fəaliyyətində iştirak etməyə cəlb edildiyi anda başa çatır. Bu zaman yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməni bitmiş əməl hesab etmək üçün, törədilməsinə  sövq edilən cinayətin baş tutması tələb olunmur. Belə ki, yetkinlik yaşına çatmayanda cinayətkar fəaliyyət göstərməklə bağlı istək və qətiyyətin formalaşdırılmasına yönəlik hərəkətlər (170-ci maddədə nəzərdə tutulmuş üsullarla) özü-özlüyündə onun normal psixi və mənəvi  inkişafına  zərər vurur.

7. Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.

8. Həmçinin qeyd olunmalıdır ki, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunmasının Cinayət Məcəlləsinin 61.1.5-ci maddəsi ilə ağırlaşdırıcı hal olaraq nəzərdə tutulması həmin Məcəllənin 170-ci maddəsində əks olunmuş “yetkinlik yaşına çatmayan” ifadəsinin yalnız cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatan şəxsləri ehtiva etməsi kimi qiymətləndirilə bilməz.

9. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Lakin bu halda yetkinlik yaşına çatmış şəxsin müvafiq cinayətin icraçısı hesab edilməsi, onu Cinayət Məcəlləsinin 170-ci maddəsində göstərilən əmələ görə məsuliyyətdən azad etmir. Belə ki, göstərilən maddə ilə qorunan ictimai münasibətlərə qəsd edən təqsirli əməl cinayət-hüquqi qiymətini almalı, bununla da cinayət hüququnun qanunçuluq, ədalət, təqsirə görə məsuliyyət və cəzanın qaçılmazlığı prinsipləri təmin edilməlidir. Beləliklə, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxsi  müvafiq üsullarla cinayətkar fəaliyyətə cəlb etmiş şəxs Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə yanaşı,  cinayət məsuliyyəti daşımayan yetkinlik yaşına çatmayan şəxsdən  cinayətin törədilməsində vasitə kimi istifadə etdiyindən, həmin cinayətin icraçısı kimi məsuliyyət daşıyır və onun əməli cinayətlərin məcmusu üzrə tövsif olunur.

10. Cinayət Məcəlləsinin 170-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti ötürüldükdə, digər cinayətə görə cəza təyin edildikdə də həmin Məcəllənin 61.1.5-ci maddəsi tətbiq olunacaqdır.

11. Yetkinlik yaşına çatan şəxsin yetkinlik yaşına çatmayanla birlikdə cinayət əməlinin törədilməsində iştirak etməsi faktı isə özü-özlüyündə həmin Məcəllənin 170-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratmır.

 

Məhkəmənin qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin IV və VI hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170-ci maddəsində əks olunan “yetkinlik yaşına çatmayan” ifadəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatıb-çatmamasından asılı olmayaraq, 18 yaşına çatmayan hər bir şəxsi ehtiva edir.

İşçi öz xahişi ilə işdən ayrıldıqda ona ödənilən işdənçıxma müavinəti vergidən azad olunurmu?
Məhkəmənin formal tələblərə görə şikayəti geri qaytarması məhkəmə təminatı hüququnun pozulmasıdırmı?