İşçi öz xahişi ilə işdən ayrıldıqda ona ödənilən işdənçıxma müavinəti vergidən azad olunurmu?

Qısa təsvir

 

Şirkət işçi qüvvəsinin optimallaşdırılması və neft-qaz əməliyyatlarının iqtisadi səmərəliliyinin artırılması məqsədi ilə “İşdən könüllü surətdə azad olunma proqramı 2023” adlı proqram qəbul etmişdir. Proqrama əsasən hər hansı işçi öz arzusu ilə əmək müqaviləsinin ləğv edilməsi (işdən çıxma) barədə ərizə ilə müraciət etdiyi təqdirdə, son haqq-hesablarına əlavə olaraq, aldığı əmək haqqının on iki misli miqdarında birdəfəlik kompensasiya almaq hüququ qazanır.

İşçi həmin proqrama qoşulmuş və şirkətlə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildikdən sonra ona 13 083,0 manat məbləğində 12 aylıq əmək haqqı miqdarında vəsait ödənilmiş və həmin vəsaitdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq 3 051,32 manat gəlir vergisi tutulmuşdur.

İşçi Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə istinadən ona ödənilən vəsaitdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edərək, şirkətə qarşı “müavinətin tam ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

 

İrəli sürülən məsələ(lər)

  1. Əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edildiyi halda, işəgötürənin öz imkanları hesabına işçiyə kompensasiya kimi ödədiyi vəsaitin Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclər kateqoriyasına aid olub-olmaması
  2. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Vergi Məcəlləsinin 2.4-1 və 102.1.4-cü maddələrinə münasibətdə şərh edilməsi

 

Məhkəmənin müəyyən etdiyi məsələlər

  1. Dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur.
  2. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.
  3. İşçinin təşəbbüsü ilə (razılığı əsasında) əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən işçiyə verilən hər hansı ödəniş qanunvericiliyin imperativ göstərişlərindən irəli gəlmədiyindən və könüllü xarakter daşıdığından, belə ödənişlər (kompensasiyalar) həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilə bilməz.
  4. Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş işdənçıxarma müavinətinin, həmçinin həmin maddənin 7-ci hissəsi ilə müəyyən edilən işçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətin aid edilməsi onların xarakterindən və təyinatından irəli gəlir. Belə ki, bu ödəmə işçinin iradəsi və təqsiri olmadan, habelə onun şəxsiyyəti ilə bağlı olmayan hallardan irəli gələrək işdən çıxarılması, eləcə də ölümü səbəbindən ailəsinin üzləşə biləcəyi maddi və mənəvi zərəri kompensasiya etmək məqsədi ilə qanunvericinin imperativ tələbi üzrə işəgötürən tərəfindən ödənilir. Bu ödəmələrin gəlir vergisindən azad edilən ödənişlər kateqoriyasına aid edilməsi dövlətin vətəndaşların layiqli həyat səviyyəsinin qayğısına qalması və sosial müdafiəsinin təmin edilməsi ilə bağlı vəzifəsinin icrasına yönəlmişdir. İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürənin könüllü olaraq ödədiyi kompensasiya isə müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müqavilə şərti kimi çıxış edir.

 

Məhkəmənin qərarı

  1. Əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
Yetkinlik yaşına çatmayan şəxsin cinayətkar fəaliyyətə cəlb olunması onun yaşından asılıdırmı?
Məhkəmənin formal tələblərə görə şikayəti geri qaytarması məhkəmə təminatı hüququnun pozulmasıdırmı?