Alğı-Satqı Müqaviləsində Nələrə Diqqət Etməli?

Müqavilə bağlamaq - qarşılıqlı razılığın rəsmi təsdiqidir. Amma bu razılaşmanın  səmərəli olması üçün əvvəlcədən müəyyən addımlar atılmalıdır.

 

İstənilən müqaviləni bağlamazdan əvvəl Qarşı tərəfin səlahiyyətini təsdiqləyən sənədləri əldə etmək lazımdır. Bunlara aiddir: reyestrdən çıxarış (hüquqi şəxs olduqda), vergi uçotu haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, etibarnamə (əgər nümayəndədirsə), bank rekvizitləri və zərurət olduqda sertifikat və ya lisenziya. Bunlar tərəfin etibarlılığını və müqavilənin qanuni əsasını təmin edir.

 

Müqavilənin əsasını təşkil edən predmet aydın olmalıdır. Hansı mal alınıb-satılır, onun xüsusiyyətləri, spesifikasiyası tam şəkildə təsvir edilməlidir. Çatdırılma şərtləri də dəqiqlik tələb edir: vaxtı, yeri və üsulu razılaşdırılmalıdır.

 

Qiymət və ödəniş şərtləri ayrı bir diqqət tələb edir. Müqavilənin valyutası, məbləği, avansın miqdarı, ödəmə üsulu (nağd və ya köçürmə) və müddəti aydın şəkildə qeyd olunmalıdır.

 

Nəhayət, qarantiya müddəti və tərəflərin məsuliyyətləri önəmlidir. Malda qüsur aşkarlandıqda qaytarılma şərtləri və digər hallar Mülki Məcəllənin müvafiq şərtlərinə uyğunlaşdırıla bilər.

 

Tərəflərin məsuliyyət hissəsində bərabər şərtlərin tətbiq olunduğundan əmin olmaq lazımdır. Əgər hər hansı cərimə məbləği təyin olunubsa hər iki tərəf öz öhdəliklərinin icrasının gecikdirilməsi üçün (Alıcı tərəfindən ödənişin, Satıcı tərəfindən malların təhvilinin gecikdirilməsi) məsul olmalıdır. Bundan əlavə cərimə məbləği üçün limit müəyyən edilməsi də əhəmiyyətli ola bilər. Bu, mümkün maliyyə risklərini azaltmaq və gələcəkdə gözlənilməz vəziyyətlərdən qorunmaq üçün təsirli bir yoldur.

 

Müqavilə nə qədər aydın və detallı yazılsa, gələcəkdə bir o qədər az anlaşılmazlıq yaranar. Bu da tərəflərin hüquqlarının qorunmasına daha çox kömək olar.